Aktivist
Mənə sənin necə dolandığın maraqlı deyil. Mənə nə üçün darıxdığını və ürəyinin arzularını gerçəkləşdirməyə cəsarətin çatıb-çatmadığını bilmək maraqlıdır.
ENFP şəxsiyyət tipli insanlar (Aktivist) həqiqi azad ruh sahibləridir – ünsiyyətcil, açıqürəkli və yeniliyə açıqdırlar. Həyata qarşı canlı və nikbin yanaşmaları ilə ENFP-lər hər bir toplumda seçilirlər. Məclislərin canı ola bilsələr də, onlar təkcə əylənməyi düşünmürlər. Bu şəxsiyyətlərin başqaları ilə mənalı və emosional əlaqələr qurmaq istəyindən qaynaqlanan dərin bir təbiətləri var.
Həyatın Sehrləri
ENFP şəxsiyyət tipli insanlar özünəməxsus şəkildə sosial, yaradıcı və bir o qədər də daxilən düşüncəli olurlar. Onlar insanların qarşılıqlı əlaqələrini və ümumən dünyanı daha yaxşı başa düşmək üçün bənzərsiz təsəvvürlərini və geniş yaradıcılıqlarını işə salırlar. Və böyük bir sədaqətlə, öz münasibətlərini və dünya ilə bağlı təhlillərini inkişaf etdirməyə davam edirlər.
Özünəməxsus şəkildə, ENFP-lərin bu introspektiv təbiəti onların təxəyyülü, heyranlığı və qeyri-rasional görünə biləcək şeylərə inamları ilə bağlıdır. Bu insanlar hər şeyin və hər kəsin bir-birinə bağlı olduğuna səmimi şəkildə inanırlar, və bu bağlılıqlardan öyrənə biləcəkləri bir parıltı axtarmaq üçün yaşayırlar. Onlar üçün hər kəsin bir-birinə rəftarı son dərəcə vacibdir. Hətta ENFP-lər karma anlayışına ən çox inanan şəxsiyyət tipi kimi tanınırlar.
Nəsə onların təxəyyüllərini hərəkətə gətirəndə, ENFP-lər elə bir coşqu sərgiləyirlər ki, bu coşqu danılmaz dərəcədə yoluxucudur. Onların şən enerjisi insanları özünə cəlb edir və çox vaxt çevrələrində onları “lider” və ya “ruhlandırıcı” fiqur kimi qəbul edirlər. Amma birdən həmin ilham hissi sönərsə, ENFP-lərin disiplinli şəkildə ideyalarının gerçəkləşdirilməsinə davam etməkdə çətinliyi ola bilər.
Sevinc Axtarışı
ENFP-lər sübut edirlər ki, həyatda sevinc və həzz axtarmaq səthi olma demək deyil. Onlar bir göz qırpımında dərin idealistlərdən şən rəqs meydançasının parlaq simalarına çevrilə bilərlər.
Fun zamanlarında belə, ENFP-lər başqaları ilə emosional səviyyədə əlaqə qurmağı arzulayırlar. Bu şəxsiyyət tipləri üçün səmimi, dərin söhbətlərdən daha vacib bir şey yoxdur. ENFP-lər inanırlar ki, hər kəs hisslərini ifadə etməyə layiqdir və onların empatiya və istiliyi sayəsində ən utancaq insan belə özünü ifadə etmək üçün uyğun mühit tapır.
Bununla belə, ENFP-lər ehtiyatlı olmalıdırlar. Onların intuitiv gücləri bəzən başqa insanların hərəkətlərinə həddindən artıq məna yükləmələrinə səbəb ola bilər. Sadəcə bir izah istəmək əvəzinə, kiminsə niyyət və istəklərini uzun müddət öz-özlərinə analiz etməyə başlayırlar. Bu cür sosial gərginlik harmoniya-sevər ENFP-lərin gecələr yuxusunu qaçırmağa bəs edir.
ENFP-lər özləri üçün düzgün olan həyat yolunu tapana qədər müxtəlif münasibətləri, duyğuları və ideyaları araşdırmağa çox zaman sərf edirlər. Lakin doğru istiqaməti tapdıqda, onların təsəvvürü, empatiyası və cəsarəti təkcə öz həyatlarını yox, ətraflarındakı dünyanı da işıqlandırmağa qadirdir.