Protaqonist

ENFJ Şəxsiyyət

Protaqonistlər ruhlandırıcı optimistlərdir, düzgün hesab etdiklərini etmək üçün asanlıqla hərəkətə keçirlər.

Protagonist şəxsiyyət tipini (ENFJ) təsvir edən bir səhnə. Yetkin bir ENFJ, yaşıl futbol forması geyinərək, futbol meydanında eyni formada olan üç gənc oyunçu ilə birlikdə dayanır. ENFJ futbol topunu tutaraq həvəslə əl hərəkətləri edir, uşaqlara məşqçilik və ya mentorluq edirmiş kimi görünür. Arxa planda futbol qapıları və ağaclar açıq havada idman mühitini göstərir. Təsvir ENFJ-nin təbii liderlik meylini, xüsusilə başqalarına rəhbərlik etmək və onları inkişaf etdirmək qabiliyyətini əks etdirir.
E Ekstravert N İntuitiv F Hissiyyatlı J Planlı

Protaqonist

Bütün dünya susanda tək bir səs belə güclü ola bilər.

Malala Yusəfzay

ENFJ şəxsiyyət tipli insanlar (Protaqonist) həyatda daha böyük məqsədə xidmət etdiklərini hiss edirlər. Düşüncəli və idealist olan bu şəxsiyyətlər başqalarına və dünya üçün müsbət təsir göstərməyə çalışırlar. Onlar heç vaxt düzgün olanı etmək fürsətindən çəkinmirlər, hətta bunun asan olmayacağını bilsələr belə.

ENFJ Şəxsiyyət (Protaqonist)

ENFJ-lər anadangəlmə liderdirlər. Buna görə də siyasətçilər, məşqçilər və müəllimlər arasında onlara çox rast gəlinir. Onların həvəsli, enerjili yanaşması təkcə karyeralarında yox, bütün sahələrdə ətrafındakıları ruhlandırmağa kömək edir. ENFJ şəxsiyyət tipli insanlar üçün dostlarının və sevdiklərinin “ən yaxşı mənliklərinə” çevrilmələri yolunda onları yönləndirməkdən daha böyük sevinc və məmnuniyyət mənbəyi yoxdur.

ENFJ-lər çətin vəziyyətlərdə belə ümidlərini itirmirlər və həmişə təşəkkür edə biləcəkləri nələrinsə olduğunu xatırlayırlar.

Haqq Uğrunda Səs Qaldırmaq

ENFJ-lər doğrudan da həqiqət və xeyirxahlıq barədə düşüncələrini paylaşmağı sevirlər və əgər nələrinsə ədalətsiz olduğunu hiss edirlərsə, bunu dilə gətirməkdən çəkinmirlər. Lakin onlar kobud və ya təkəbbürlü deyillər, çünki həssas və düşüncəli olduqları üçün sözlərini başqalarına təsir edəcək bir formada deməyə çalışırlar.

ENFJ-lər yalnız başqalarının motivlərini və inanclarını anlamaq qabiliyyətinə malik deyillər, eyni zamanda təkcə bir baxışla insanların nələr hiss etdiklərini də dəqiqliklə sezə bilirlər. Bəzən özləri də bunu necə etdiklərini başa düşmürlər. Bu ani qavrayış onları olduqca inandırıcı və ruhlandırıcı natiqlərə çevirir.

ENFJ-lər anadangəlmə ədalət hissinə sahibdirlər və səhv hesab etdikləri şeylərə qarşı möhkəm dayanmaqda qərarlıdırlar.

Bu şəxsiyyət tipinin gizli silahı onların saf niyyətləridir. Ümumiyyətlə, ENFJ-lər güc və ya nüfuz qazanmaqdan çox, doğru işi gördüklərindən əmin olmaq üçün motivasiya olunurlar. Kimləsə razılaşmasalar belə, ümumi məxrəcə gəlmək üçün bir yol axtarırlar. Nəticədə, ENFJ-lər xüsusilə ürəklərinə yaxın olan mövzular haqqında danışanda, cazibədar və həssas ünsiyyət qurmaq qabiliyyətinə sahib olurlar – bu isə diqqət çəkməyə bilməz.

Qoşulmaq

ENFJ-lər səmimi, qayğıkeş insanlardır və düşüncələrini əmələ çevirirlər. Onların ən çox sevdikləri şey düzgün olanı etməyə başqalarını da ruhlandırmaqdır.

ENFJ-lər sevdikləri insanlara, dostlarına, ümumiyyətlə, bütün insanlara kömək etmək istəyirlər, bəzən də bunu istənilən yolla etməyə çalışırlar. Yaxşı xəbər odur ki, bir çox insan bu köməyi və məsləhəti yüksək qiymətləndirir. Nə də olsa, bu şəxsiyyətlərin insanlara müsbət yöndə inkişaf etməkdə kömək etməsi heç də təsadüfi deyil.

Bununla belə, başqalarının problemlərinə qarışmaq həmişə uğurlu olmur. ENFJ-lər, insanların inkişafı üçün nə etməli olduqlarını açıq-aydın görə bilirlər, amma hər kəs bu dəyişikliklərə hazır olmur. Əgər həddindən artıq israr etsələr, ətraflarındakı insanlar onları məcburedici və ya mühakiməedici kimi qiymətləndirə bilərlər. Hərçənd ENFJ-lər iti zəkalıdırlar, amma onlar da bəzən vəziyyəti düzgün oxumaya və ya yanlış məsləhətlər verə bilərlər.

Yolu Göstərmək

Bu şəxsiyyət tipi fədakar altruistlərdir, inandıqları insanları və ideyaları dəstəkləmək üçün hər cür çətinliklə üzləşməyə hazırdırlar. Bu qətiyyətli yanaşma ENFJ-lərin digər insanları birlikdə işləməyə sövq etməsində onlara güc verir – üstəlik, ümumi maraqlar naminə.

Amma onların ən böyük gücü bəlkə də nümunəvi olmasıdır. Gündəlik həyatlarında ENFJ-lər insanlara adi hallarda belə nəzakət, qətiyyət və qayğı ilə yanaşmağın mümkün olduğunu göstərirlər. Bu şəxsiyyətlər üçün hətta kiçik günlük seçimlər və addımlar – həftəsonunu necə keçirməkdən tutmuş çətinlik yaşayan iş yoldaşına nə demələrinə qədər – daha parlaq gələcəyə gedən yolda əsas mərhələlərə çevrilə bilər.